Almaniyada proqramçının həyat tərzi

Almaniyada proqramçı işləmək o qədər də çətin deyil, və hər şey istəyinizdən və gözləntilərinizdən asılıdır.
Berlin şəhərində yaşayıb işlədiyim 1,5 il ərzində deyə bildiyim şeylər haqqında yazacam.
Artıq 2-ci iş yerimdə işləyirəm.

Uşağlığımda Rusiyada yaşayıb, turist kimi bir neçə ölkədə olmuşam, amma Azərbaycandan başqa böyümüş insan olaraq ancaq Ukrayna və Almaniyada işləyib yaşamışam.

Birinci növbədə, Almaniyada Azərbaycan və Ukrayna ilə gördüyüm fərg – bura daha sakit yerdir. Baxmayaraq ki Almaniyanın paytaxı və ən böyük şəhəridir, Berlin qat-qat MDB ölkələrin böyük şəhərlərindən səssizdir. Səssizlik elə bir şərait yaradır ki, insan daha mülayim və sakit olur. Onun sayəsində isə daha çox sağlam və məhsuldar olursunuz.

Sənədləşdirmə işləri

Sənədləşdirmə və başqa prosedurları çox halda özünüz etməlisiniz. Əgər Bakida işləyərkən bütün sənəd problemlərini HR-in işçisi həll edirsə, burada işçi özü sığortadan tutmuş vergilərə qədər həll etməlidir. Əvvəldə çətin gəlsə də, sonradan öyrəşirsiniz, və ən əsası, bütün vergi və əlavə ödənişlərin dəqiq olara hara getdiyi haqqında bilirsiniz.

İş qaydaları

İşdə vəziyyət nisbətən fərglənir. Proqramçı olaraq əsas iş kimi Azərbaycanda 4 fərgli şirkətdə işləmişəm – xırda start-up dan, dövlət müəssisəsindən – Nar Mobile (Azerfon) şirkətinə qədər.
Həmişə iş yerində telefonla danışmaq, hər hansı bir mesajlaşma növü normal bir hal olub.
Almaniyadaki şirkətlərdə heçkim bir söz deməsə də belə, deyilmiyən bir qayda var ki, hamı telefonlarını səssiz vəziyyətə keçirir, və çalışır ki heç bir iş yoldaşını lazımsız səslərlə narahat etməsin.
Berlində şirkətlərin çoxusunda iş saatları dəyişkəndir, səhər 7-də işə gəlib, nahar yeməyinə 15 dəqiqə xərcləyib axşam saat 16:15-də çixmaq normal bir haldır.
Buradaki iş saatları həftə ilə ölçülür. Həftədə standart olaraq 40 saatdır, o deməkdir ki, bazar ertəsi 10 saat işləyib, cümə axşamı 6 saat işləmək olar, ondan sonraki iş günləri 8 saat işləməklə, həftə norması 40 saata çatır.
Şirkətlərin çoxsunda heçkim bu saatları hər bir işçi üçün sayıb yoxlamır. Hər şey öz vicdanınızdan asılıdır, müdüriyyət sizə inanır.

İşçilər arasında iyerarxiya olsa da belə, bu adi həyatda və işdə bilinmir. Yani müdürlə eyni səviyyədə danışmaq, birlikdə işdən sonra harasa getmək, tam normal bir haldır. Azərbaycanda belə hallar ancaq işlədiyim bəzi şirkətlərdə olub.

Vergilər və vergilərin qaytarılması

Vergilərin qaytarılması üsulları.
Hər bir işçi, Almaniya Federativ Respublikasında verdiyi vergilərin bir hissəsini özünə qaytara bilər. Bu prosess hər növbəti ildə, təzə keçmiş il (illərə) görə icra oluna bilər.

Misal üçün, keçən il ərzində 10 000 avro vergi vermisiniz, bu halda sizin maksimum qaytara bildiyiniz məbləğ 10 000 təşkil edir, və o pullar aşağıda göstərilən səbəblərə görə vergilərdən qayıda bilər:

1. İşə gətmək üçün avtomobildən istifadə (onun benzin pulusu, sığortası, öz qiymətinin bir hissəsi)
2. İşə getmək üçün hər hansı başqa bir vasitənin xərcləri (transport, velosiped və s.)
3. Həmin ildə yeni bir işə başlamısınızsa, o işə düzəlmək üçün hər hansı xərcləriniz (təyyarə üçüşü, qatar pulu, musahibə keçmək üçün başqa şəhərdə qaldığınız hər hansı otel, yemək və başqa xərcləri)
4. İş üçün hər hansı avadanlığı (kompyuter, telefon, kitab dəftər) özünüz almısınızsa, onun bir hissəsi (hərdən olur ki tam qiyməti) qaytarılır
5. İşinizi evdən etmisinizsə, kirayə verdiyiniz məbləğin bir hissəsi (nə boyda otağda işlədiyinizdən asılı olaraq).
6. Həmin il ərzində bir evdən başqa evə köçmüsünüzsə, və yeni ev iş yerinizə daha yaxındırsa, köçmək üçün xidmətlərindən istifadə etdiyiniz şirkətə verdiyiniz məbləğ

və başqa xərcləriniz yazıla bilər.

Statistika dediyinə görə, bütöv Almaniya üzrə hər tam iş günü işləyən işçiyə ildə ortalama 2000-3000 avro vergilərdən qaytarılır.

Yenə də təkrar edirəm ki, əgər çoxlu pul dalınca qaçırsınızsa, Almaniya o istədiyiniz bir yer deyil.
Vergi sistemi belə qurulub ki, ancaq evli, yoldaşı işləməyən adam burada nisbətən az vergi verir.
Qalan hallarda siz aldığınız pulun 40%-ni verməlisiniz, bu isə çox böyük bir məbləğdir.

Proqramçının orta iş günümün planı

1. Səhər saat 8 üçün iş yerimdə oluram
2. Səhər yeməyini çox hallarda işdə edirəm, şirkət tərəfdən bir neçə növ səhər yeməkləri olur
3. Saat 8:15 üçün tam olaraq işləməyə hazır oluram, və Scrum Board-daki istədiyim tapşırığı seçib, onun haqqında ətraflı məlumatları oxuyub işə başlayıram.
4. Ortalama saat 10 üçün şirkətdə İT otaqda Stand Up meeting-i baş verir, o görüşdə hamı işlədiyi mövzu haqqında qısa (30-60 saniyəlik) məlumat verir.
5. Hər 30 dəqiqədən bir 5 dəqiqəlik fasilə edib çay və ya kofe içirəm.
6. Nahar vaxtı evdən götürdüyüm yeməyi qızdırıram, və ya iş yoldaşlarım ilə kafe/restorana gedirik (Almaniyada demək olar ki heç bir şirkət nahar yeməyini vermir).
7. Nahardan sonra bizdə Code Review vaxtı başlayır, eyni sahəli proqramçılar öz iş yoldaşlarının kodlarını yoxlayır. Code Review barədə ətraflı olaraq oxuya bilərsiniz.
8. Axşam saat 5 üçün iş yerimi tərk edirəm.

Ümümilikdə iş demək olar ki stressiz və problemsiz keçir.
İş yoldaşlarımın arasında dünyanın hər tərəfindən gələn insanlar işləyir, və çoxusu Berlinə köçdüyü üçün xoşbəxtdir.Bu mövzu haqqında daha çox məlumat bilmək istəyirsinizsə, məqalənin altında Facebook kommentlərində suallarınızı yazın, yeni bir məqalədə və ya kommentlərdə hamısını cavablandırmağa çalışacam.

Enjoy this blog? Please spread the word :)